– Hidayət müəllim, bu yaxında Akademik Musiqili Teatrın səhnəsində sizin “İrəvanda xal qalmadı” əsəriniz əsasında hazırlanmış tamaşaya baxdım. Tamaşada Ermənistanda yaşayan Sultan Oğuz adlı yazıçı SSRİ Yazıçılar İttifaqı tərəfindən dövlət mükafatına təqdim edilir. Ermənilər də bunun qarşısını almaq üçün məkrli planlar qururlar. Belə hadisə həqiqətən olub, yoxsa təxəyyül məhsuludur?
– Əvvəla onu deyim ki, müsahibəmiz Milli Mətbuatımızın 150 illiyinin astanasında baş tutur. İmkandan yararlanaraq bütün jurnalistlərimizi təbrik edirəm. Onu da demək istəyirəm ki, xüsusilə sənin kimi jurnalistlərlə görüşəndə öz gəncliyimi xatırlayıram. Mən respublika səviyyəsində işə jurnalist fəaliyyəti ilə başlamışam, 21 yaşımda “Sovet Ermənistanı” qəzetinin ədəbi işçisi olmuşam.
– Çox sağ olun, təşəkkür edirəm.
– Dediyin suala gəldikdə isə ona oxşar bir yazıçı olub və bu hadisə baş verib.
– Çünki siz Qərbi Azərbaycanda doğulmuş, uzun müddət orada yaşayıb fəaliyyət göstərmisiniz. Məncə, burda avtobioqrafik çalar da olmamış deyil.
– Şübhəsiz. Mən sizə “Burdan min atlı keçdi” kitabımı bağışlayacam. O kitab 1984-cü ildə, mən İrəvandan köçəndən dərhal sonra yazılmağa başlayıb. O vaxt Sovet senzurası bu əsəri ciddi ixtisarlarla çap eləmək istədi. Mən razılaşmadım. Hətta əsərin o şəkildə çapından imtina etdim. Sonra mənim təkidimlə “Azərbaycan” jurnalında jurnal variantı çıxdı. Əlbəttə, Qlavlitin – senzuranın çək-çevirindən sonra əsər çox şey itirsə də, qalan hissələr çap olundu. Düzü, mən əvvəl əsərin jurnalda da ixtisarla çapına da qarşı idim. Bir axşam Yusif Səmədoğlu zəng edib söylədi ki, “Burdan min atlı keçdi”nin ixtisarla jurnalda çap olunması belə hadisə olacaq. Onun sözüylə razılaşdım. Amma bir şərtlə: Göstərilsin ki, jurnal variantıdır. Əsər jurnal formatında 1986-cı ildə dərc edildi. Düzdür, sərt yerlərin çoxu çıxarılmışdı, amma qalan hissə də Azərbaycan oxucusu üçün yeni, maraqlı idi. O əsərdə mən çox məsələləri danışmışam. Sergey Yesenindən tərcümeyi-hal yazmasını istəyəndə o, qısa bir şey qaralayır. “Niyə belə az?” deyə soruşanda da cavab verir ki, tərcümeyi-halımın qalan hissəsi şeirlərimdədir. Mənim həm İrəvan dövrünü, həm də sonrakı illəri əhatə edən həyatım bu kitabda toplanıb. Bu kitabda Qərbi Azərbaycanda xalqımızın sinə gərdiyi problemlər öz əksini tapıb: Azərbaycan toponimlərinin dəyişməsindən tutmuş 1948-ci ilin – mən ona “könüllü repressiya” deyirəm – son dövrlərin deportasiyasına qədər hər şey yazılıb.
Həmən vaxt bizim evdə ən qorxulu söz “köç” söz idi
– 1948-ci il deportasiyası zamanı dörd yaşınız vardı. Yadınıza gəlir?
– 1947-ci ildə atamla Qüdrət qağam – ailəmizdə böyük qardaşa qağa deyirik – ikimərtəbəli ev tikməyə başladılar. Həmən vaxta kimi bizim Mığrı, ermənilərin Meğri dediyi rayonda cəmi iki sayda ikimərtəbəli bina vardı. Biri Rayon Partiya Komitəsinin inzibati binası, o biri birinci katibin evi idi. Bir də kiçik Maralzəmi kəndində bizim ev idi. İkinci mərtəbənin artırılması 1951-1952-ci illərdə baş tutdu. Həmən vaxt bizim evdə ən qorxulu söz “köç” söz idi. Hər il başa çatanda anam təbəssümlə deyərdi ki, Allah, sənə çox şükür, bu il də bizi köçürmədilər. Yəni o illər narahatlıq, insanların mənəvi repressiyaya uğradığı dövr idi.
– Yaşamaq şövqü ilə böyük ev tikirsiniz və tikdiyiniz dudmanın sizə qalmayacağından qorxursunuz.
– Bəli, doğrudur. Yəni deməyim odur ki, bu proses mənim uşaqlığımda baş verib. Təəssüf ki, mənim uşaqlığım o dövrdən başlayır. Anam deyərdi ki, sovet hökumətinin bayrağı bir az aşağı düşən kimi ermənilərin yumruğu başımızın üstünü alır. Əvvəllər mən uşaq idim, bunu anlamırdım. Mən bunu 1988-89-cu illərdə gördüm. Qorbaçovun yenidənqurmasından sonra – mən onu həmin illərdə mətbuatda “yenidənqırma” adlandırmışam – ermənilər yenidən baş qaldırdılar və bizi sonuncu dəfə Qərbi Azərbaycandan deportasiya etdilər. Amma unutdular ki, Dəmir Yumruq öz sözünü deyəcək. Üstündən 30 il keçsə də, Dəmir Yumruq öz işini gördü. Anam ilk deportasiyanın – 1918-ci ilin dəhşətlərini yaşamışdı. Onda 13 yaşındaymış. Sonra 1988-ci il, yenə dəhşətli qaçqınlıq müsibəti. Son iki yüz ildə Azərbaycan tarixində 44 günlük müharibədən böyük hadisə yoxdur. Son iki yüz ildə Azərbaycan itirə-itirə gəlib. İndi o regionların adını çəkmək istəmirəm. Hər halda qonşu dövlətlər var. Mənim sözümü təkcə yazıçı fikri kimi yox, həm də dövlət xadiminin bəyanatı kimi qəbul edəcəklər.
“Neftçi” qalib gələndə bütün azərbaycanlıların, “Ararat” qalib gələndə bütün ermənilərin milli bayramı olurdu
– Deyirsiniz, ananız evdə belə söhbətlər danışırdı və bir Azərbaycan icması kimi daim bu qorxuları yaşayırdınız. Bəs bayırda ermənilərlə münasibət necə idi?
– Ermənilərin bizə qarşı azı təftişçilik münasibətini daim hiss edirdik. Mən uşaqlıqda, sonralar “Sovet Ermənistanı” qəzetində və teatrda işləyəndə bunları apaydın görmüşəm. Bizim rayonda Zəngəzurun digər bölgələrinə – Vedibasara, Zəngibsara, Hamamlıya, Göyçənin özünə nisbətən erməni millətçiliyi kəskin hiss olunmurdu. Münasibətlərin hədsiz gərginliyi “Neftçi” ilə “Ararat”ın oyununda açıq-aydın görünürdü. Onların oyunlarının nəticələri münasibətlərə çox mənfi təsir göstərirdi.
– “Neftçi” qalib gələndə nələr olurdu?
– Ooo, “Neftçi” qalib gələndə bütün azərbaycanlıların, “Ararat” qalib gələndə bütün ermənilərin milli bayramı olurdu.
– Bu oyunlar zamanı bildiyimiz qədəri ilə insident də yaşanırdı.
– Şübhəsiz. Elə o insidentlərin birinə mən özüm də düşmüşəm. İrəvanda “Neftçi” ilə “Ararat”ın əvəzedici heyətləri oynayırdı. Mən teatrın 3-4 əməkdaşı ilə oyuna baxmağa getmişdim. Aramızda teatrın iki erməni əməkdaşı da vardı…
– Onlar da sizinlə getmişdilər?
– Bəli. Orda bir insident yaşandı. Sadəcə mən onun böyüməsinə imkan vermədim. Mənim respublika rəhbərliyi, erməni ictimaiyyəti içində teatr direktoru, yazıçı kimi nüfuzum ermənilərin hiyləsinin baş tutmasına imkan vermədi.
– Ətraflı danışa bilərsiniz?
– Bilirsiniz, o ayrıca müsahibənin mövzusudur. Qısaca deyim ki, ermənilər bizlə bağlı şikayət elədilər. Milis də onların tərəfini tutdu. Sonra biz milisi də ifşa elədik və mənim bir daha deyirəm, amma təvazökarlıqdan uzaq olmasın, nüfuzum sayəsində məsələni bağladıq.
– Deməli, Zeynəb Xanlarovanın oxuduğu “Qardaş olub Azərbaycan-Hayastan” mahnısı yalnız kosmetik bəzək imiş. Dərinlərdə bizimlə ermənilər arasında heç vaxt gerçək barışıq olmayıb.
– Yox, sən deyən kimi bunlar hamısı kosmetik bəzək idi. Ermənilər tərəfindən bizə sevgi, xoş münasibət olmayıb. Özü də ermənilərin içindən kimsə normal söz deyəndə də ona qarşı çıxırdılar. Mən orda adamlar tanıyırdım ki, 1915-ci il hadisələri barədə danışanda deyirdilər: “Üstündən bu qədər müddət keçib, keçmişə yox, gələcəyə baxmaq lazımdır”. Həmən adamlar da təqib edilir, işdən çıxarılır, mətbuatda tənqid olunurdular.
– 1965-ci ildə Ermənistanda 1915-ci il hadisələrinin 50 illiyi qeyd olunmuşdu?
– Bəli, qeyd olunmuşdu. Hətta buna görə Moskvadan icazə də alınmışdı. İrəvanın Opera və Balet Teatrında qondarma soyqırımı ilə bağlı tədbir keçirildi. Respublikanın yüksək rəhbərliyi gəlmişdi. Bir az sonra ekstremistlər binaya hücum elədilər. Bəlkə də bu, əvvəldən hazırlanmış ssenari idi. Mərkəzi Komitənin büro üzvləri qorxularından binanı tərk elədilər. Mən o vaxt Mığrı rayonunda idim. Amma bu hadisəni dəqiq bilirəm. Teatrın binasında başlayan təxribatlar, intizamsızlıq bütün şəhərə yayıldı. Ertəsi gün yenə şəhərdə aksiyalar keçirildi. Etirazçılar hava limanına üz tutdular, oranı ələ keçirmək istəyirdilər. Onda artıq Sovet ordusu işə qarışdı, onların qabağını kəsdi. Bir az sonra mitinqlər səngidi.
– Həmən hadisələr zamanı azərbaycanlılara qarşı hücumlar baş vermişdi?
– İrəvanla yanaşı azərbaycanlıların az yaşadıqları rayonlarda da böyük gərginlik yaşandı. İnsanlar çölə çıxmağa qorxurdular ki, azğınlaşmış kütlənin hücumuna məruz qalmasınlar. Hadisələrin ildonümünə yaxın, 1966-cı ilin mart ayında Mərkəzi Komitənin birinci və ikinci katiblərini dəyişdilər. Qatı millətçiliyi ilə seçilən Hovanes Bağdasaryanı ikinci katib vəzifəsindən çıxarsalar da çölə atmadılar, mədəniyyət naziri təyin etdilər. O qısa müddət mədəniyyət naziri işləyəndən sonra Ali Sovetin Rəyasət Heyəti sədrinin birinci müavini vəzifəsinə qoydular. Halbuki nə Rusiyada, nə də Sovetlər Birliyinin digər ölkələrində parlamentdə sədrin birinci müavini postu var idi. Yalnız o qatı millətçi erməniyə görə bu vəzifəni yaratdılar. O da vəzifədə olduğu illərdə Qərbi Azərbaycanda mövcud olan yüzlərlə toponimlərimizi, adlarımızı dəyişib erməniləşdirdi.
Ermənilər həmişə Moskvada bir söz deyirdilər, Bakıda başqa cür, İrəvanda tamam ayrı cür danışırdılar
– Qərbi Azərbaycanda bu qədər azərbaycanlı yaşayırdı. Onlar nə əcəb buna etiraz etmirdilər?
– Etiraz edirdilər, ciddi etiraz edirdilər.
– Sizin dayınız Əli Məmmədov da Sovet Ermənistanında daim yüksək vəzifələrdə olub. O da etiraz edə bilərdi.
– Dayımın Ali Sovetdə son vəzifəsi Sovetlər Şöbəsinin müdirinin müavini olub. Əvvəllər Vedibasarda rayon Partiya komitəsinin birinci katibi, Amasiya ilə Qukasyan bir rayon olanda İcraiyyə komitəsinin sədri olmuşdu, Ermənistan Ali Sovetinə deputat seçilmişdi. O, Ali Sovetin partiya iclasında çıxış edir. Həmən ərəfədə Moskvada partiyanın 21-ci qurultayı keçirilirdi. Orda Koçinyan (Anton Koçinyan – SSRİ partiya xadimi, Ermənistan KP MK-nın birinci katibi – M.A.) çıxış edib xalqlar dostluğundan danışmışdı. Həmən vaxt dayım sərt çıxış edib deyir ki, Koçinyan Moskvada dostluqdan danışır, amma burada 24 apreldə ermənilər küçələrə çıxıb Naxçıvanla Qarabağı istəyirlər. Bunu necə başa düşək? Çıxış Ali Sovetin Rəyasət Heyətinin sədrinin xoşuna gəlmir, o dayımın sözün iki dəfə kəsir. Dayımın çıxışı lap yuxarı dairələrə çatdırılır. Sadəcə bilirsiniz necədir, ermənilər həmişə Moskvada bir söz deyirdilər, Bakıda başqa cür, İrəvanda tamam ayrı cür danışırdılar. Onlar əsas qayələrindən heç vaxt əl çəkmirdilər. Dayımın çıxışından bir müddət sonra İrəvanda yaradıcılıq təşkilatlarının plenumu keçirilirdi. Orda mənə də söz verdilər. Mən ədəbiyyat məsələlərindən, Yazıçılar İttifaqının fəaliyyətindən danışdım.
– Ermənistan Yazıçılar İttifaqının fəaliyyətindən?
– Bəli. Mən Yazıçılar İttifaqının İdarə Heyətinin üzvü, eyni zamanda, Azərbaycan Ədəbiyyatı Şurasının sədriydim, o xətlə çox böyük işlər görülürdü. Çıxışda dedim ki, Ermənistan tərkibinə görə SSRİ-də ən milli respublika olsa da, Yazıçılar İttifaqında Azərbaycan Ədəbiyyatı Şurası, Rus Ədəbiyyatı Şurası, Kürd Ədəbiyyatı Şurası böyük işlər görür. Həqiqətdə də o cür idi.
– Siz Azərbaycan ədiblərinin Ermənistanda tanınması istiqamətində böyük işlər görmüsünüz.
– Mən əvvəla Qərbi Azərbaycanda yaşayan yazıçılarımızın tanıdılması istiqamətində işlər görürdüm. Onların hamısının kitablarını çap edirdim.
– Erməni dilində?
– Yox, Azərbaycan dilində. Əlbəttə, mənim erməni dilində də kitabımı çap edirdilər. Amma başqa yazıçıların əsərlərini Ermənistanda Azərbaycan dilində çap edirdim, üstəlik erməni mətbuatında da erməni dilində verirdim. Bundan başqa hər il “Ədəbi Ermənistan” məcmuəsini çap edirdik. O məndən də qabaq çap olunub, sonra arada fasilə vermişdilər. “Nəyim var?” adlı ilk şeirim də mən məktəbdə oxuyanda orda çap olunub. İlk bəndi yadımdadır:
Nəyim var soruşdu bir qoca əyyaş
Sualdan titrədi bütün varlığım
Düşündüm bu rişxənd olmayaydı kaş
Dedim ki, şeirdir bəxtiyarlığım.
– Neçə yaşında yazmışınız?
– Səkkizdə-doqquzda oxuyardım.
– İlk qələm təcrübəsi kimi kifayət qədər iddialı şeirdir.
-(Gülür) hə, çox iddialı idi. Nədənsə o şeiri kitablarıma salmadım. Hə, biz orda Nəsimidən başlayaraq Səməd Vurğun, Nəbi Xəzri, İsa İsmayılzadə, Anar, Elçin və başqa Azərbaycan yazıçılarını çap edirdik.
– Əkrəmi çap etmişdiniz?
– Əkrəmin erməni dilində çap olunmamağı da ironik mənzərədir.
– Hə, amma Bəxtiyar Vahabzadəni çap etmişdik. Mən hələ qəzetdə işlədiyim vaxt əsli Goranboydan olan Alek Xaçunts adlı erməni şairi var idi. Azərbaycan dilini bilirdi. Ona nəşriyyatdan müasir Azərbaycan şairlərindən birinin kitabını tərcümə etməyi məsləhət görmüşdülər. O məndən soruşanda fikirləşmədən dedim Bəxtiyar Vahabzadəni çevir. Xahiş elədi, Bəxtiyarın kitablarını bağışladım. Həvəslə tərcümə edir, anlamadığı sözləri məndən soruşurdu. Kitab hazır olub nəşriyyata getdi, nəşriyyat millətçilik damğası ilə kitabı çap etmədi. Bundan bir müddət sonra Alek Xaçunts başıalovlu yanıma gəlib dedi ki, Bəxtiyar Vahabzadənin adından bir şeir yazmışam. “Uca zirvələrdən uçan durnalar” – birinci misrası belə idi. Guya Bəxtiyar Vahabzadə Ermənistana aid şeir yazıb. İnsafən şeirdə milli, siyasi, Ermənistanı öyən heç nə yox idi, ancaq təbiətlə bağlı idi. Məndən də xahiş elədi ki, onu Azərbaycan dilinə tərcümə edim. Aparıb nəşriyyatda göstərsin.
– Sən erməninin fərasətinə bax!
– Hə. Mən o şeiri tərcümə etdim. Amma bununla belə mən nəşriyyatın direktoru və baş redaktoru ilə danışdım, kitabı çap elədilər. Çünki oralarda kimsə demişdi ki, Bəxtiyar Vahabzadə siyasətçi, millətçi şairdir. Alek o şeirin tərcüməsini Bəxtiyar müəllimə göndərmişdi, oxumuşdu, xoşuna gəlmişdi, demişdi Azərbaycan dilində çıxan kitabıma salacağam. Sonra şairin ikinci kitabını – bu dəfə iri həcmdə – erməni dilində nəşr etdik.
Yaradıcılıq təşkilatlarının birləşmiş plenumundakı çıxışımla bağlı sözlərim yarımçıq qaldı. Bayaq adını çəkdiyim Hovanes Bağdasaryan da yaradıcılıq təşkilatlarının tədbirlərində iştirak edirdi. Halbuki onun mədəniyyətlə əlaqəsi yox idi. Yaradıcılıq təşkilatlarının plenumu hara, Ali Sovetin Rəyasət Heyətinin sədrinin birinci müavini hara? Tənəffüsdə mənə yaxınlaşıb dedi ki, siz niyə orda belə çıxış edirdiniz? O mənim eyhamımı başa düşmüşdü ki, Ermənistan ən milli respublikadır, buradan Qərbi azərbaycanlılar qovulub. Hovanes həmən söhbətdə dayımın çıxışını xatırladıb dedi ki, sən burda, Əli Sultan oğlu da orda danışır. Dedim, mən bilmirəm dayım orda nə danışıb, mən ədəbiyyat söhbəti eləmişəm. Halbuki dayım həmən sərt çıxışından sonra axşam məni evinə çağırmışdı, söhbətdən xəbərim vardı. Məndən başqa Səfər Vəlibəyov, Hüseyn Məmmədov da o kəskin çıxış barədə eşidib dayımgilə gəlmişdilər. Onlar da Ermənistanda vəzifədə idilər. Hüseyn Məmmədov Gülçöhrə xanımın (Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memar Gülçöhrə Məmmədova – M.A.) atasıdır.
Mən İrəvana gedəndə ilk dəfə baş çəkdiyim yerlərdən biri Göy məscid idi
– Siz nə əcəb o vaxtı Bakıda işləmədiniz, İrəvanda yaşamağı seçdiniz? Belə deyək, bu prosesi 18 il gecikdirdiniz?
– Bilirsən, mənim “Burdan min atlı keçdi” əsərim elə məhz 1966-cı ilin 14 mart gecəsi ilə başlayır. “Zəngəzur” qatarı ilə Mığrıdan İrəvana getməyimi unuda bilmirəm. Mən Bakıya gələ bilərdim. Erməni təhdidlərindən-təqiblərindən uzaqda daha rahat yaşaya bilərdim. Daha çox kitabım çap olunardı, daha çox qonorar qazanardım. Daha yüksək vəzifələrdə olardım. Amma mən həmən gecə İrəvana gedirdim və məndə belə bir romantik arzu formalaşmışdı ki, Qərbi azərbaycanlıların 1948-ci il deportasiyasından qabaqkı kultunu bərpa edəcəm. Mən 18 il orda yaşadım və bu istiqamətdə bacardığım, mümkün olan hər şeyi elədim.
– Siz İrəvanda yaşadığınız dövrdə orada hələ Azərbaycan ab-havası qalmışdı?
– Düzdür, qalmışdı, amma xeyli də məhdudlaşmışdı. Ermənilər 1918-ci ilə qədərki ən böyük İrəvan məscidini İrəvanın tarixi muzeyi eləmişdilər.
– Göy məscidi?
– Məscid kimi fəaliyyət göstərmirdi?
– Yox. Amma onun zahirini nə qədər dəyişsələr də, baxanda hiss olunurdu ki, erməni memarlığı deyil. Məscidin elementləri hiss olunurdu. Mən İrəvana gedəndə ilk dəfə baş çəkdiyim yerlərdən biri Göy məscid idi.
– Ora məscid olduğu üçün getmişdiniz, yoxsa tarixi abidə kimi?
– Yox, məscid, inanc yerini ziyarət etmək üçün getmişdim. Həm də istəyirdim gedim görüm ermənilər bizim inanc yerimizi nə günə qoyublar.
– Bildiyim qədəri ilə İrəvanda çoxlu məscid olub.
– Hə, düzdür, olub, amma mən İrəvanda olduğum dövrdə yalnız bir məscid saxlamışdılar. Axundov adına məktəbin arxasında yerləşən balaca məscid idi. Digər məscidləri, milli abidələri dağıtmışdılar.
– Camaat o məscidə gedirdi?
– Əlbəttə. Bəzi cənazələr məhz o məsciddən götürülürdü.
– Mən bir çox qərbi azərbaycanlı ilə söhbət zamanı görmüşəm ki, sovet dövründə, ermənilərin içində yaşamaqlarına baxmayaraq, inanclı, dinə bağlı olublar.
– İrəvanda da məscid fəaliyyət göstərirdi, regionlarda da məscid vardı. Mənim doğulduğum Mığrı rayonunda məscidlərin hamısını hələ 1918-1919-cu illərdə məhv etmişdilər. Amma din qalırdı, inanc qalırdı. Sən seyidsən də?
– Bizim rayonda hörmətli, nüfuzlu seyidlər vardı. Maralzəmi balaca kənd idi. 25-30 ailə yaşayırdı. Kəndimizin arasından dərə keçirdi, dərənin o tayı Seyidlər məhəlləsi adlanırdı. O seyidlərdən bəzilərini mən görmüşəm. Orda Mirəfsər ağa adlı seyid olub. Bizim kənddə 50-55-ci illərdən ikimərtəbəli daş evlər tikilməyə başlayıb. Camaat gedib uzaq-uzaq yerlərdən, çaylaqlardan, yarğanlardan daş gətirirdi. Mirəfsər ağanın da evi uçmuşdu, daşları dağılmışdı, heç kəs də yaşamırdı, bir adam onun daşlarını daşımırdı. Qaçqınlığa qədər də heç kəs gedib o daşlara əl vurmadı. Bir hadisəni də danışım. Qağam müharibədə olanda anam Mirəfsər ağanın yanına gedir. Onun oğlu da müharibədə imiş. Anam Mirəfsər ağadan soruşur ki, Qüdrətin taleyi necə olacaq? O da kitab açır, nəsə oxuyur. Deyir öz oğlu qayıtmayacaq, amma Qüdrət qayıdacaq. Anam da nişan üzüyünü Mirəfsər ağaya nəzir deyir. Qağam müharibədən qayıdandan sonra anam Mirəfsər ağanın qapısına gedib üzüyü nəzir verir, götürmək istəmirmiş ki, Qüdrətin toyunda gəlinə verərsən. Təəssüf ki, seyidin oğlu həqiqətən müharibədən qayıtmır. Hə, bizdə Mirəfsər ağa kimi seyidlər çox idilər.
– Siz özünüz belə şeylərə inanırdınız?
– Bilirsiniz, elə həqiqətlər var ki, onun səbəbi izah olunmur.
– Hidayət müəllim, bir sual verəcəm, inciməyin. 23 yaşında bir gəncin birdən-birə teatra direktor təyin olunmağı mənə qəribə gəlir. Bu təyinatda nə əcəb dayınızın rolu olmayıb?
-(Gülür) mənim təyinatım çıxan vaxtı dayım ailəsi ilə birgə Kislovodskda dincəlirdi. Əvvəla mən “Sovet Ermənistanı” qəzetinə işləməyə gedəndə 21 yaşım vardı, ən cavan əməkdaş idim. Hələ Azərbaycan Dövlət Universitetinin qiyabi şöbəsinin tələbəsi idim. Həmin vaxt İrəvan Teatrının 50 yaşlarında direktoru teatrın 17 yaşlı aktrisası ilə evləndi. Bütün teatrı onun əlinə verdi. Teatr biabırçı vəziyyətə düşdü.
– Teatrın direktoru azərbaycanlı idi?
– Direktor azərbaycanlı olmağına azərbaycanlı idi, qızınsa anası erməni olsa da, azərbaycanlı kimi gedirdi. O direktor teatrı məhv etmişdi, dedi-qodu, dava-şava, intriqabazlıq baş alıb gedirdi. Teatr açılanda İncəsənət İnstitutunun bütöv bir qrupunu İrəvana göndərmişdilər. Belə şeylərə görə, o qrupun əksəriyyəti oradan aralanmalı olmuşdu. Ona görə Mədəniyyət Nazirliyində məsləhət olur ki, “Sovet Ermənistanı” qəzetinin redaktoruna müraciət etsinlər. Redaktor mədəniyyət nazirinə nümunəvi əməkdaş kimi məni məsləhət görür. Amma onu da deyir ki, bizim bir divarımız odur. 23 yaşım təzəcə tamam olmuşdu. Mənim bədhaqlarım deyirdilər ki, Hidayətin pioner baş dəstə rəhbəri olmaq vaxtıdır, amma o boyda teatra direktor qoydular, görəsən orda neçə həftə dözəcək?
Dayım deyir ki, bacım oğlunu direktor qoymusunuz, mən həmən vaxt İrəvanda olsaydım, razılaşmayacaqdım
– Yəqin oradakı azərbaycanlılar da sizin direktor təyin olunmağınıza etiraz edirmişlər.
– Elə əsasən azərbaycanlılar mənim direktor təyin olunmağıma etiraz edirdilər. Məni mədəniyyət naziri qəbul elədi. Əmrimi verdilər. Teatr elə vəziyyətdə idi ki, mənim təqdim edilməyim zamanı nazir teatra gəlmədi, kollektivi nazirliyə çağırdı. Mən iyun ayında təyin edildim, oktyabr ayında məni Mərkəzi Komitəyə vəzifəmi təsdiqləməyə çağırdılar. Orada adım çəkiləndə ayağa durdum, anketim ox